26.09.2025
Qarabağ Regional Mədəniyyət İdarəsi Ağdam şəhər Cabbar Qaryağdıoğlu adına 1 nömrəli Uşaq musiqi məktəbi, Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zəngilan rayon Mədəniyyət evi və Zəngilan Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə 27 Sentyabr — Anım Günü ilə əlaqədar “Tarixə qızıl hərflərlə yazılan gün!” adlı tədbir keçirilib. İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra mövzu ətrafında çıxışlar edilib. Çıxışlar zamanı ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş ordu quruculuğu, silahlı qüvvələrimizin peşəkarlıq səviyyəsinə görə dünyanın ən güclü orduları sırasına yüksəlməsi və Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı altında 44 günlük Vətən müharibəsi ilə antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyünün tam bərpa edilməsi haqqında danışılıb.
Tədbirin sonunda Vətən müharibəsində tarixi zəfərimizə həsr olunmuş videoçarx nümayiş olunub.