18.04.2018
Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin məlum sərəncamına əsasən 18 Aprel, 2018-ci il tarixdə Ağcabədi rayon Hərbi Komissarlığında da gənc əsgərlərin həqiqi hərbi xidmətə çağırış mərasimi keçirilmişdir. Mərasimdə Ağcabədi rayon İcra Hakimiyyəti rəhbərliyi, hüquq-mühafizə orqanları, rayon ictimaiyyəti, ziyalılar, gənc çağırışçıların valideynləri iştirak etmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlamışdır. Tədbiri giriş sözü ilə açan Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin müasir ordu quruculuğundan ətraflı söhbət açmış, qüdrətli ordumuzun dünya orduları arasında xüsusu yerinin olduğunu qeyd etmişdir. Daha sonra çıxış edən Ağcabədi rayon Hərbi Komissarı, polkovnik leytenant Ruslan İsmayılov, Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Rza Quluyev, Qarabağ müharibəsi iştirakçısı veteranı, II qrup əlil Ramil Nağıyev, şəhid ailəsi Nüşabə Əliyeva və əsgər atası Qurban Vəliyev həqiqi hərbi xidmətə çağırılan gənc əsgərləri təbrik etmiş, onlara uğurlu yol diləyərək öz xeyir-dualarını vermişlər. Tədbir bədii hissə ilə davam etmişdir. Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan Xocavənd kənd Uşaq Musiqi məktəbinin musiqili kollektivinin təqdim etdiyi şən əhval-ruhiyyəli konsert proqramı alqışlarla qarşılanmışdır. Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər Uşaq İncəsənət məktəbinin rəqs kollektivinin iştirakı ilə təqdim olunan rəqs nümunələri və Heydər Əliyev Mərkəzinin “bədii qiraət” kursunun üzvlərinin ifasında təqdim olunan şeir kompozisiyaları da tədbirə əlavə rəng qatmışdır. Mərasim saat yarım davam etmişdir.