21.02.2019
Heydər Əliyev Mərkəzi Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar olaraq silsilə tədbirlər həyata keçirir. Eyni zamanda 07 fevral 2019-cu il tarixindən etibarən Ağcabədi şəhər tam orta məktəblərində Xocalı hadisələrindən bəhs edən məruzələrin və sənədli filmin nümayişinə başlanılıb. 19 fevral 2019-cu il tarixdə isə S. Vurğun adına Ağcabədi şəhər 4 saylı tam orta məktəbdə təşkil olunan film nümayişindən öncə məktəblilərə mərkəz əməkdaşları tərəfindən Xocalı soyqırımı haqqında ətraflı məlumat verilərək bildirilmişdir ki, 27 il öncə erməni terrorçularının Xocalıda törətdikləri soyqırım nəticəsində 613 nəfər şəhid, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqirlərə və həqarətlərə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir. Xocalı soyqırımına düzgün siyasi qiymət verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hazırda Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan dünyanın siyasi məkanında mövqeyini gündən-günə gücləndirib və dünya birliyi Xocalı soyqırımını tanımağa və pisləməyə başlayıb. Heydər Əliyev Fondunun vitse–prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dünyanın bir çox ölkəsində keçirilən “Xocalıya ədalət!” kampaniyası barədə məlumat verilərək bildirilmişdir ki, bu kampaniyanın nəticəsi olaraq Xocalı hadisələri soyqırımı aktı kimi bir çox ölkələr və beynəlxalq təşkilatlar tərəfindən tanınmışdır.Sonda Xocalı soyqırımından bəhs edən sənədli film nümayiş olunmuşdur.