20.03.2019
19 Mart, 2019-cu il tarixdə Ağcabədi rayonunda Novruz bayramı münasibətilə ümumrayon el şənliyi keçirilmişdir. Bayram tədbiri Ağcabədi İdman Olimpia komleksində baş tutmuşdur. Tədbirdə Ağcabədi rayon rəhbərliyi və onin aparat işçiləri, Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan bütün mədəniyyət müəssisələri, idarə, müəssisə, təşkilat kollektivləri, tələbələr və rayon ərazisində yerləşən “N” saylı hərbi hissələrdən tədbirə dəvət olunmuş bir qrup əsgər və zabitlər iştirak etmişlər. Bayram tədbiri müdrik el ağsaqqalı Dədə Qorqud və Bahar qızın faytonda gəlişi və onların xeyir-duası və təbrikləri ilə başlamışdır. Daha sonra Novruz tonqalı alovlandırılmışdır. Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov təbrik nitqi ilə çıxış edərək bütün ağcabədililəri və rayonda məskunlaşmış məcburu köçküləri müqəddəs Novruz bayramı münasibətilə ürəkdən təbrik etmiş, hərə kəsə uzun, sağlam ömür, süfrələrə bol ruzi-bərəkət arzulamışdır. Tədbirin bədii hissəsinə başlayan Üzeyir Hacıbəyli adına Ağcabədi Şəhər Uşaq İncəsənət məktəbinin ansamblı şən, rəngarəng, əsl Bahar təravətli, konsert proqramı ilə çıxışlar etmişlər. Kəndirbazların və Ağcabədi idmançılarının “Cəngi” sədaları altında nümunəvi çıxışları tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanmışdır. İfa olunan nəğmələr, baharı tərənnüm edən mahnılar, rəqs nömrələri, Kosa və keçəlin məzəli, əyləncəli çıxışları tədbirə əlavə rəng, əlavə gözəllik qatmışdır. Bayram tədbirində Ağcabədi Regional Mədəniyyət idarəsinin tabeliyində olan müəssisələrin rəsm sərgiləri, həmçinin milli-mənəvi dəyərləri əks etdirən eksponatlar nümayiş olunmuşdur. Novruz bayramı münasibətilə keçirilmiş ümumrayon bayram şənliyi 2 saata yaxın davam etmişdir.