21.11.2017
Ağdam rayon Quzanlı qəsəbə Mədəniyyət evində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair” Dövlət Proqramına uyğun olaraq Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevin “Milli kinonun inkişafına dair tədbirlər haqqında” 08 avqust 2017-ci il tarixli 186 saylı əmrin icrasının təmin olunması məqsədilə müşavirə keçirilib.
Müşavirədə Ağcabədi Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Rza Quluyev, Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov, Cəfər Cabbarlı adına Azərbaycan Film Kino-Studiyasının direktoru Müşfiq Hətəmov və Ağdam rayon ictimaiyyətinin kinosevər nümayəndələri iştirak edirdilər.
Ağcabədi Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Rza Quluyev Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevin “Azərbaycan Xalqının bir çox nəsilləri kino sənəti ilə tərbiyələnib, kinonun təsiri altında formalaşıb, inkişaf edib və mədəniyyətə qovuşublar. Xalqımızın inlkişaf yolunda Azərbaycan kinosunun xidmətləri əvəzsizdir” sözləri ilə açaraq “Dövlət sifarişi ilə çəkilmiş milli kinomuzun təbliği ” mövzusunda məruzə ilə çıxış etdi.
R.Quluyev Azərbaycan kinosunun böyük bir dövrünün inkişafının Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu, “Uzaq sahillərdə”, “İstintaq”, “Bir cənub şəhərində”, “Nəsimi”, “Babək” və s. kimi filmlərin yaranmasında və sovet senzurasından keçirilməsində xüsusi xidmətləri olduğunu bildirdi.
Tədbirdə çıxış edən Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov Milli kinomuzun himayədarı Ulu Öndər Heydər Əliyevin 2000-ci ilin 18 dekabr tarixli Sərəncamı ilə hər il 2 avqust tarixinin Azərbaycanda kino günü kimi qeyd olunduğunu bildirdi. Ümummilli Lider Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğının hazırda Prezident Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırdı.
Cəfər Cabbarlı adına Azərbaycan Film Kino-Studiyasının direktoru Müşfiq Hətəmov çıxışında milli kinonun inkişafında qarşıya çıxan çətinliklərdən və nailiyyətlərdən danışaraq dövlətin bu sahəyə diqqətinin getdikcə artdığını təqdirəlayiq hal kimi qiymətləndirdi. M.Hətəmov böyüməkdə olan gənc nəslin formalaşmasında və milli ruhda tərbiyə olunmasında filmlərin əvəzsiz rol oynadığını, bu sahədə rəqabətin davamlı olmasının vacibliyini bildirdi. Müasir dövrdə çəkilmiş filmlərin baxımlı olması üçün peşəkar mütəxəssislərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğuladı.
Tədbirdə Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin Ağdam rayonu üzrə nümayəndəsi Şahin Qasımov, Ağdam Mərkəzi Kitabxana Sisteminin biblioqrafı Kəmalə Fərəcova çıxış edərək milli kinonun inkişafında təbliğat işinin vacib olduğunu bildirdilər. Əhali, xüsusən gənclər arasında təbliğatın düzgün qurulmasının böyüməkdə olan gənc nəslin təlim-tərbiyəsində , müasir dövrün tələblərinə cavab verən peşəkar filmlərin çəkilməsində və nümayişində böyük məsuliyyətin tələb olunduğunu qeyd etdilər.
Müşavirənin sonunda “YARIMÇIQ XATİRƏLƏR” filmi nümayiş olundu.