30.12.2017
Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələri 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirdi.
Tədbiri giriş sözü ilə Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin rəis müavini Vüqar Qədirov açaraq qonaqları və iştirakçıları idarənin rəisi Rza Quluyevin adından salamladı və bayram təbrikini çatdırdı.
Natiq Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin 31 dekabr tarixini Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etməsini dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin formalaşmasında xüsusi rola malik olduğunu bildirdi.
V.Qədirov ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz nəticəsində torpaqlarımızın 20 %-dən çoxunun işğal olunmasını, 1 mln.-dan artıq soydaşlarımızın qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum edilməsini, beynəlxalq təşkilatların bu münaqişəyə ədalətsiz yanaşmalarını qeyd edərək Azərbaycan Xalqının, xüsusən qaçqın və məcburi köçkünlük taleyi yaşayan insanların Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin ətrafında daha sıx birləşməsinin və həmrəy olmasının vacibliyini vurğuladı.
İşğal olunmuş rayonların mədəniyyət müəssisələrinin üzərinə düşən məsuliyyəti xüsusi vurğulayan V.Qədirov Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Cənab Əbülfəs Qarayevin 2017-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında qarşıya qoyduğu vəzifələrin prinsipiallıqla və peşəkarlıqla həyata keçirilməsinin vacib olduğunu bildirdi.
V.Qədirov 2018-ci ildə Azərbaycan Respublikasında növbəti Prezident seçkilərinin keçiriləcəyini və Azərbaycan Demokratik Respublikasının yaradılmasının 100 illiyinə həsr edilmiş mədəni-kütləvi tədbirləridə regional idarənin əhatə etdiyi mədəniyyət müəssisələrinin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd etdi.
Tədbir Laçın və Ağdam rayonlarının Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin təşkil etdiyi bayram konserti ilə başa çatdı.