Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayonunun Quzanlı qəsəbəsində möhtəşəm sərginin açılışı baş tutub

21.08.2021

20 Avqust 2021-ci il tarixində Ağdam rayonunun Quzanlı qəsəbəsində, Ulu Öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvləri Elnurə və Aygün İsgəndərovaların Vətən müharibəsində qazanılmış şanlı zəfərə həsr olunmuş “Milli-Mənəvi Dəyərlərimiz" adlı, dekorativ-tətbiqi sənət nümunələrindən ibarət ilk fərdi yaradıcılıq sərgisi keçirilmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Ağcabədi Regional Mədəniyyət İdarəsi, Ağdam rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Ağdam rayon Heydər Əliyev Mərkəzi və ​ Ağdam rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən sərgidə Elnurə və Aygün İsgəndərovaların dekorativ-tətbiqi sənət nümunələrindən ibarət 50-yə yaxın əsəri nümayiş etdirilmişdir. Şəhid ailələri, ictimaiyyət və media nümayəndələri,​ mədəniyyət işçiləri dekorativ-tətbiqi sənət nümunələrindən ibarət sərgi ilə, eləcə də, Ağdam Rayon Tarix-Diyarşünaslıq, Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeylərinin eksponatları, Zaur İmanov adına Zəngişalı kənd Mədəniyyət evinin əl işləri, Mərkəzi kitabxananın kitab sərgisi ilə tanış olmuşlar. Tədbirdə şəhid ailələri və ​ Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənov, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Xalq rəssamı Arif Hüseynov, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev və başqaları çıxış edərək Vətən müharibəsində Azərbaycan Ordusunun Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı şanlı qələbədən danışıb, bu zəfərə həsr olunmuş “Milli-Mənəvi Dəyərlərimiz” adlı dekorativ-tətbiqi sənət nümunələrindən ibarət yaradıcılıq sərgisini yüksək qiymətləndirmişlər. Tədbirdə şəhid analarına diplom və hədiyyələr təqdim edilmişdir.