Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

30 ildən 44 günə Qəhrəmanlıq Səlnaməsi

25.09.2021

    24 sentyabr 2021-ci il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağcabədi rayon MKS-nin Mərkəzi kitabxanasında MKS-i işçilərinin iştirakı ilə 27 sentyabr Anım günü münasibəti ilə “30 ildən 44 günə Qəhrəmanlıq Səlnaməsi” başlığı altında geniş tədbir təşkil olundu.

   Tədbirdə“Milli Qəhrəmanlarımız”, “Ağcabədi şəhidləri”, “Qarabağ Azərbaycandır!”, “Şəhid Vətən deməkdir”, “Hər şey Vətən üçün”, “Tarix Qəhrəmanlığı unutmur”, “Vətənin Şəhid oğulları”, “İşğaldan azad olunmuş rayonlarımız haqqında”, “2016-cı il Aprel şəhidləri”, “2020-ci il İyul şəhidləri”, “Torpaq su ilə qarışanda palçıq, qanla qarışanda vətən olur” başlıqlı foto-stendlər nümayiş olundu. Eyni zamanda “Qarabağ tarixi yurdumuzdur!” başlıqlı kitab sərgiləri və “Uşaq oxucuların müharibə mövzusunda əl işləri” başlığı altında rəsm sərgisi nümayiş olundu.

    Tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad etməklə başladı. Tədbirdə Ağcabədi rayon MKS-nin direktoru Məhəbbət Əliyeva, direktor müavini Təranə Məmmədova, Mərkəzi kitabxananın Oxuculara xidmət şöbəsinin Oxu zal müdürü Nigar Allahverdiyeva, 1 saylı Hindarx qəsəbə kitabxana filialının müdürü Vəsilə Məmmədova, Ağcabədi Regional Mədəniyyət İdarəsinin Ağcabədi rayon üzrə nümayəndəsi Ədil Həsənov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdürü Əlizadə Nəcəfov, yerli yazar Şirxan Hüseynov, Aran qəzetinin redaktoru Məhsəti Musa çıxış etdilər. Çıxış edənlər  qeyd etdilər ki, Azərbaycan Respublikası Prezidentinin 02.12.2020-ci il tarixli Sərəncamı ilə hər il sentyabr ayının 27-si Azərbaycanda ölkəmizin ərazi bütövlüyü uğrunda  canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsinə  dərin ehtiram əlaməti olaraq “Anım günü” kimi qeyd ediləcək.

     27 sentyabr 2020-ci il. Bu tarix xalqımızın yaddaşından, hərb tariximizdən silinməyəcək. Məhz həmin gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində yeni mərhələnin başlanğıcı oldu. Öz murdar və çirkin əməllərindən əl çəkməyən, hər fürsətdə təxribatçı və fitnəkar hərəkətlərə əl atan, işğalçılıq və təcavüzkarlıq siyasətini davam etdirən, terrorçuluğu dövlət siyasətinə çevirən insanlıq düşməni nasist və faşist Ermənistan, quldur erməni silahlı birləşmələri növbəti dəfə atəşkəs rejimini pozdu, qanlı əməllərini, sülhə, təhlükəsizliyə təhdid olan niyyətlərini yenidən gerçəkləşdirməyə cəhd etdi.   

      Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altında olan  torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, işğal altında olan torpaqlarımızı azad etdi. Bu gün qürurla deyirik ki, “Qarabağ Azərbaycandır!”.

     Bu qələbə üçün biz şəhidlərimizə borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!"

     Sonda tədbir iştirakçıları sərgilərə baxış keçirdilər. MKS-də Anım günü münasibəti ilə tədbirlərin keçirilməsi davam etdirilir.