Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Vətən Müharibəsi qəhrəmanı Şəhid Şahgündüz Cabbarovun ailəsini ziyarət ediblər

03.10.2021

03 Oktyabr 2021-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Laçın rayon Tarix-Diyarşünaslıq Muzeyinin , Laçın rayon Mədəniyyət Mərkəzinin Pircahan, Alıqulu, Aşağı Fərəcan, Yuxarı Fərəcan, Mığıdərə və Zabux kənd filiallarının əməkdaşları Vətən Müharibəsi qəhrəmanı Şahgündüz Cabbarovun ailəsini ziyarət ediblər.​

​ Görüşdə şəhidimizin xatirəsi anılıb, onun müharibədəki igidlik və şücaətindən danışılıb.Səsi, avazı ilə hər kəsin ürəyini fəth edən şəhid Şahgündüz Cabbarovun atası Habil Cabbarov bildirir ki, Gündüz müharibəyə könüllü yazılıb.Pulemyotçu kimi ona pulemyot vermişdilər. Ancaq oğlum bununla da qane olmamış və öz ərizəsi ilə xüsusi təyinatlıların həmlə taboruna keçmişdi.Onun ən böyük xəyalı Laçında Oğuldərəyə bayraq sancmaq idi. Tez-tez sosial şəbəkələrdə vətənpərvərliklə bağlı statuslar paylaşırdı. Müharibə başlayan kimi döyüşlərə yollanması onun bu sözlərinə nə qədər sadiq olduğunun ən bariz göstəricisidir. Şahgündüz eyni zamanda milli ənənələrə sadiq idi. Sazda ifa etməyi çox sevirdi.

​ Şəhidimizin valideynləri övladlarının Vətən uğrunda şəhid olduqları üçün qürur duyduqlarını bildiriblər.Şahgündüz şəhid olduqdan sonra onun yazılarından və ona həsr olunmuş yazılardan ibarət "Gözləyin dağlar gəlirəm" adlı kitab nəşr olunmuşdur. Şəhidimizin ailəsi kitablardan qonaqlara və muzeyin fonduna hədiyyə etmişdir.​

​ ​ Görüşdən sonra şəhidin atası ilə birlikdə şəhidin məzarı ziyarət olundu,​ ruhuna dualar oxundu.

​ ​ ​ Əslən Laçının Oğuldərə kəndindən olan Şahgündüz Habil oğlu Cabbarov 1995-ci ildə Bərdə rayonunun Mollalı kəndində məcburi köçkün ailəsində anadan olub. Bərdənin Meşəçilik qəsəbəsində yerləşən Laçın rayon tam orta məktəbində təhsil alıb. 2012-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz-neft və mədən fakültəsinə daxil olub. Təhsilini başa vurduqdan sonra 2016-cı ildə həqiqi hərbi xidmətə yollanıb. Xidmət zamanı göstərdiyi nizam-intizama görə Fəxri fərmanla təltif edilib. Hərbi xidmətdən geri döndükdən sonra Azərbaycan Dövlət Neft Şirkətində qazmaçı kimi işə başlayıb.

Tovuz döyüşlərindən sonra hərbi komissarlığa gedərək adını könüllü kimi qeyd etdirib. Oktyabr ayının birində cəbhəyə yola düşüb. İlk döyüşlərdə pulemyotçu kimi iştirak etsə də, sonradan öz istəyi ilə xüsusi təyinatlıların həmlə taboruna keçib. Füzuli, Qubadlı, Zəngilan və Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak edib. 25 oktyabr 2020-ci ildə Füzuli rayonunun Əbdürrəhmanlı kəndi yaxınlığında gedən döyüşlərdə şəhid olub. Şəhadətindən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.