Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xalq rəssamı Arif Hüseynovun “Ağdama ithaf” üçlüyünün təqdimatı olub,

16.10.2021

Oktyabrın 16-da işğaldan azad edilmiş Ağdam şəhərində Azərbaycan Respublikası Prezidentinin xüsusi  Nümayəndəliyi ,Ağcabədi Regional Mədəniyyət İdarəsi, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə keçirilən mərasimdə xalq rəssamı Arif Hüseynovun “Ağdama ithaf” üçlüyünün təqdimatı olub, “Ağdam Cümə məscidində azan səsi”, “Ağdam teatrının məhvi”, “Şahbulaq qalası” adlı əsərləri nümayiş edilib. 
Dram Teatrının qalıqlarının qarşısında keçirilən təqdimat mərasimində çıxış edən Xalq rəssamı Arif Hüseynov qeyd edib ki, onun bu günlərdə tamamladığı “Ağdama ithaf” üçlüyü işğaldan azad olunmuş Qarabağa səfəri ilə bağlı təəssüratının yeni bədii ifadəsidir. “Ağdam teatrının məhvi”, “Şahbulaq qalası” və “Ağdam Cümə məscidində azan səsi” adlanan triptixin başlıca ideyasını xeyir və şər qüvvələrin mübarizəsi, erməni xislətinin ifşası təşkil edir. Triptixin mərkəzi hissəsi Ağdam teatrının acı taleyinə həsr olunub. Teatr binasının üçtağlı fasadının qarşısından səhnəyə uzanan pillələrin ətrafında şər qüvvələrin “Leyli və Məcnun”, “Don Kixot” və “Otello” tamaşalarındakı obrazlara həmləsinə təsirli bədii görkəm verilib. 
Triptixin sağ hissəsində Pənahəli xan və döyüşçüləri, eləcə də onun inşa etdirdiyi Şahbulaq qalası təsvir olunub. Sol hissədəki əsərdə də digər iki əsərdə olduğu kimi obrazlı rəmzi ifadələrdən istifadə olunub. İşğaldan azad olunmuş dini məkandan ucalan azan səsinə hay verən rəmzi şəhid əlləri və yüksəlişi hər birimizə qürur bəxş edən məscid minarələri bir araya gətirilməklə Zəfərimizin davamlı olacağına böyük inam duyulur. 
Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənov, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli və sərginin kuratorları Elnurə və Aygün İsgəndərova bacıları çıxışlarında Ağdam Dram Teatrının qarşısında belə bir tədbirin keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirib, müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar.
Sonra tədbirin iştirakçıları rəsm əsərləri ilə tanış olublar.