Ağdam rayonunun inzibati mərkəzi Ağdam şəhəri Qarabağ düzündə ən iri şəhərlərdən biridir. Eramızdan əvvəl I minillikdə yaranmış bu şəhərin adı - «Ağdam» sözü qədim türk dilində «kiçik qala» deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişmişdir. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr vermişdir. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilmişdir. Bu mənada, «Ağdam» - günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. Ağdam rayonunun ərazisində mövcud olan memarlıq abidələrinə misal olaraq Xanoğlan məqbərəsinin (XVII əsr), XVII əsrə aid məscidin, pənahəli xanın sarayının və məqbərəsinin, Xaçıntürbətli kəndində Musa oğlu Qutlu türbəsinin (XIV əsr), Kəngərli kəndində XIV əsrə aid məqbərənin, Papravənd kəndində iki məqbərə və bir məscidin, Şahbulaq kəndində XVIII əsrə aid karvansaranın adını çəkmək olar. Boz dağın şimal yamaclarında, dəniz səviyyəsindən 300 m yüksəklikdə qayada çapılmış mağara da qədim abidədir. VIII əsrdə yaranmış bu mağara - məbəd Qafqaz Albaniyası dövlətinin xristian memarlıq nümunələrindəndir. Ağdamda bütün dünyada yeganə olan Çörək muzeyi var. Bu muzeydə qədim dövrləər və orta əsrlərə aid unikal eksponatlar toplanmışdır. Eksponatlar arasında daşlaşmış qədim taxıl nümunələri, nadir dənli bitki növləri, taxılçılığın inkişafına aid çoxsaylı qiymətli kitablar, əlyazmalar və başqa materiallar, qədim əkinçilik alətləri: xış, adi və dişli oraq, taxıl döyən vərdənə, əl dəyirmanı və başqa alətləri vardır.